Ruslan Mİrzəliyev

Ruslan Mirzəliyev ilə olan müsahibəmizi təqdim edirik:
1)Özünüz, təhsiliniz və həyat fəaliyyətiniz haqqında məlumat verin. 
1988-ci ildə Sabirabad rayonunda anadan olmuşam və həyatımın ilk 17 ilini, demək olar ki, orada yaşamışam. Sadəcə 1-ci və 2-ci sinifləri Rusiyanın Tolyatti şəhərində oxumuşam. Fikrimcə, hələ həmin 1,5 ilin xasiyyətimin tam formalaşmasında böyük rolu olub. 
3-11-ci sinifləri Sabirabad rayonu 2 saylı orta məktəbdə təhsilimi davam etdirib 2005-ci ildə DİA-ya qəbul olmuşam və həyatımın sonraki 7 ilini (1 il əsgərlik fasiləsi ilə) bu təhsil ocağına həsr etmişəm.
2)Hobbilərinizə nələr aiddir?
Hobbilərim həddən artıq çoxdur. Əsasən qısamüddətli olur. Məsələn, bəzi kolleksiyalarım var – Olimpiya Oyunları və futbol nişanları, müxtəlif olkələrin hazırda dövriyyədə olan pul əskinazları və s. Amma əsas hobbilərim futbol (1998-ci ildən) və intellektual oyunlardır (2005-ci ildən).
3)İntellektual aləmə necə gəlmisiniz?
DİA-da təhsil aldığım 2-ci həftədə “Abşeron” klubunun nümayəndələri qrup-qrup gəzib yeni komandalar axtarırdılar və bizim qrup da beləcə oyunlara yazıldı. Rus dilində şənbə günlərində saat 10-da, 2 saat sonra isə Azərbaycan dilində oyunlar olurdu. Demək olar ki, hələ ilk həftələrdən hər iki dildə oynamağa başladım.
4)Kapitanın vəzifəsi sual tapmaqdır yoxsa düzgün versiya seçmək?
Fikrimcə sual tapmaqdan əvvəl müzakirə vaxtı düzgün istiqamətləndirməyi və sonda düzgün versiyanı seçməyi bacarmalıdır. Bundan əlavə təşkilatı məsələlər də əsasən kapitanın üzərinə düşür.
5)Tapılmayan sualda günah kapitandadır?
Xeyr, bütün komandanın. Ancaq əgər düzgün versiya seçilməyibsə deməli səhv kapitanındır.
6)NHN oyun zalında hansı rəsm əsərinin asılmasını istərdiniz?
Oyun zalında artıq şeylər müzakirə zamanı diqqəti yayındıra bildiyindən, heç bir rəsm əsərinin asılmasını istəməzdim.
7)İntellektual aləmdə hansı uğurunuzu ən böyük hesab edirsiniz?
Hər uğurun öz yeri var, ancaq Breyn-rinq çəkilişlərində Təhsil Kubokunu qazanmaq və NHN üzrə Azərbaycan Kubokunun qalibi olmaq statusuna görə ən böyük uğurlardır.
8)Rusdilli oyunla azdilli arasında hansı ciddi fərqlər var?
Ciddi fərqlər əsasən oyuna yanaşmadadır. Belə ki, “rusdilli” oyunçular üçün NHN sadəcə hobbidir və onların karyeraları da əsasən uğurlu alınır, ancaq bir çox “azdilli” oyunçular bütün həyatları bu oyuna həsr edirlər və belə şeylər onların başqa sahədə inkişafına böyük maneələr törədir. O qədər güclü bilicilər var ki, iş ilə bağlı çətinlik çəkirlər. Bunun da başlıca səbəbi vaxtında prioritetləri düzgün qoymayıb hobbiyə daha çox vaxt ayırmalarıdır.
9)Gənc intellektuallara məsləhətləriniz.
Yaddan çıxarmasınlar ki, NHN sadəcə oyundur! İntellektual oyunları inkişafları üçün bir vasitə etsinlər. Dəyərli kitablar oxusunlar, dəyərli filmlərə baxsınlar. Hətta yaddaşınız sizə çox fakt öyrənməyə imkan vermirsə də, hər bir oxunan kitab və baxılan film şüür altında öz yerini tapır və sizin daha dərin mədəniyyətə sahib olmağınıza kömək edir.
10)Layihəmizə münasibətiniz.
Münasibətim gözəldir, ancaq məsləhət görərdim ki, gələcəkdə daha təcrübəli bilicilərdən müsahibə götürəsiniz. Çünki həyatında ən böyük uğuru 500 fakt əzbərləyib 30 dənə sual götürən 20-25 yaşlı insan (lazımdısa özümü də bura əlavə edirəm) 17-20 yaşlı gənclərin ümumi intellektual inkişafına töhvəsini verə bilməz.

1 yorum: