Tərlan Əsədli

Tərlan Əsədli ilə olan müsahibəmizi təqdim edirik:
1)Özünüz, təhsiliniz və həyat fəaliyyətiniz haqqında məlumat verin.
1994-cü ilin şanlı Dirçəliş günündə Bakıda anadan olmuşam. 8 il Şahmat Klubunun yanında yaşasam da, hazırda küləkli iqlimi ilə seçilən Köhnə Günəşlidə qalıram. Ən sanballı məzunları Çingiz Abdullayev və Elşad Xose olan 189 saylı məktəbi bitirmişəm. İki ay öncə də ADİU-nun Türk Dünyası İşlətmə Fakültəsinin məzunu olmuşam.
2)Hobbilərinizə nələr aiddir?
Hobbinin dəqiq tərifini bilməsəm də, görməkdən zövq aldığım işlərdən danışım. Non-fiction (azərbaycanca tam qarşılığını bilmirəm, qeyri-bədii ədəbiyyat deyək) janrda yazılan kitablarla çox maraqlanıram, məzmununu daha çox bəyəndiklərimi isə oxuyuram. Başqalarına da maraqlı gələr deyə düşündüklərimi isə feysbukdakı e-kitab qrupumda paylaşıram  Bundan başqa ABŞ və İngiltərə tv-seriallarına xüsusi marağım var. Ən sevimli serialım isə, Battlestar Galactica-dır. İmkan tapsanız, baxın.  Bir də ki perfeksionist damarım tutanda, yüklədiyim mahnıların albom qapağını, albom adını, müğənni adını, ilini və s. detallarını tapıb düzəltməyə rahat 1-2 saat vaxt ayırıram və peşman da deyiləm buna. 
3)İntellektual aləmə necə gəlmisiniz?
Çox insanda olduğu kimi TV-dəki verilişlər məndə də bu tipli yarışlara həvəs oyada bilib. Amma əslində hər şey qonşu Hamlet dayının verdiyi məntiqi “metro qatarı irəli gedərsə, bacasındakı tüstü hansı istiqamətdə çıxar” sualına “metro qatarında baca olmur!” cavabım ilə başladı... Sonra 5-6 yaşımda Valdis Pelşin apardığı “Угадай мелодию” proqramı vardı, düymə basma eşqim o vaxtdan alovlanıb.  Bizim kanallarda İlham Qasımovun apardığı “Zəfər zəngi”, “Auksion”, Azər Axşamın “Teletaym”, Milyonçu” verilişləri yayımlanmağa başladı. Atamla baxırdım və sual tapdıqca da “hadi oğlum yaparsın” sindromuna tutulmağa başladım. Məktəbdə kiçik məntiqi yarışlarda da nailiyyətciklər qazandıqca, bu yolda daha da irəliləmək sevdasına düşdüm. Universitetin ikinci kursunda, fakültəmizdə İqtisadçı İntellektual Oyunlar Klubunun dövrə oyunlarından xəbər tutdum və qrup uşaqlarını cəlb elədim. İlk tur, təbii ki, 0 xal yığdıq. Sonra Məzahir məni (+1)-ə dəvət elədi, orda bir müddət oynayandan sonra, həyatımda xüsusi izi olan “Hərum”a çağrıldım. İntellektual yeniyetməlik dövrüm orda keçib, keçid dövrünü orda yaşamışam. Ən sonda isə Xəzaniyyə/Bahariyyə yarışlarının sarsılmaz komandası ilə həmişəlik bir yerdə olacağım yeni qurulacaq “Prestijə” dəvət etdi məni Babək. Əminliklə deyə bilərəm ki, bütün komandanın görüşüb ÇQK-nın Ç-sını belə dilə gətirmədən xoş bir neçə saat keçirə bildiyi tək-tük komandalardanıq. Bu mühiti yaratdığını görə Babək başda olmaqla, komanda yoldaşlarımı öpürəm burdan.
4)Bir komandada oynadığınız hansı oyunçuları vurğulaya bilərsiz?
Ramil, Xəyal, Ca Vid. Bu üç oyunçunu xüsusi vurğulamaq istəyirəm. Ramili çox oyunçu tanımır, amma Hərumda oynayanda digər oyunçular komandanın fakt sütunu idilərsə, Ramil təkcə özü məntiq yükünü çiynində daşıyırdı. Fenomenal düşüncə qabiliyyəti var o insanın. Onla oynamaq çox xoş idi mənim üçün. İkinci oyunçu Xəyaldır. Depressiv baxışlarının ardında əslində çox yumşaq və saf xarakterə malik insan yatırmış, xəbərimiz yox idi.  Ekstraterrestrial və interstellar informasiya bazasına sahib çeqakaşnikdir. 60 il tez doğulsaydı, Hitlerin elmi məsləhətçisi ola biləcək potensiala sahib biridir. Komandamızda, məncə, cavabı ən tez tutan oyunçudur. Ən azı, mən belə düşünürəm. Ca Vid isə yalnız Amikeco tipli turnirdə oynadığım və bundan hədsiz zövq aldığım biridir. Bu aləmdə maraqlarımın, zövqlərimin bu qədər üst-üstə düşdüyü ikinci bir oyunçu yoxdur. Ca Vid, sən mənim antipodumsan. 
5)Masaya oturduqdan sonra əsas nədir?Nəyi fikirləşirsiniz?
Səmimi cavab verim, masaya oturduqdan sonra ürəyimin yox, mədəmin səsinə qulaq asıram. Ki növbəti 10/12/15 suala dözə biləcəyəmmi? Sonra oyunçuların masa ətrafında düzülüşü tamamlanır. Ən sonda isə “gülməli” zarafatlar biri bir qəpikdən havada uçuşur. Bunları deməyəcəm, komanda sirridir. 
6)Hansısa sual və ya hadisə yaddaşınızda iz qoyub?
Termenvoks! Şübhəsiz, termenvoks. Hər fürsətdə komandaya başa salırdım ki, belə alət var, filan. Çox da veclərinə almırdılar. Xəmsədə hər “musiqi alətləri” mövzusuna buna görə çıxırdım. Nəhayət, o gözəl gün gəldi və mən düyməni sıxıb termenvoks sözünü deyə bildim. Rahat ölə bilərəm. 
7)Dövrədə qalib gəlmək çətindi yoxsa turnirdə?
Birincidə çox qalib gəlmişik, ikincidə isə xatırlamıram. Demək ki, turnirdə qalib gəlmək daha çətindir. Ümid edirəm, gələn dəfə müsahibiniz olana qədər bu suala başqa cür cavab verə bilərəm. 
8)Azərbaycan intellektual hərəkatının gələcəyini necə görürsüz?
Böyük-böyük danışmaq kimi çıxacaq, amma açığı o qədər də parlaq görmürəm. Bəlkə də, bizdən öncəki nəsil bizim haqda da belə düşünürdü, əmin deyiləm. Azərbaycandilli hərəkat hələ də intibah dövrünü gözləməkdə davam edir.
9)Yeniyetmələr arasında hərəkat niyə o qədər də inkişaf edə bilməyib? Səbəbləri nədir? Nə etməli?
İnkişaf edə bilməyib deməzdim. Son zamanlar elə ən çox fəallığı yeniyetmələrdə görürəm. Aralarında xüsusi yaradıcılıq qabiliyyətləri olan çox uşaq tanıyıram və mümkün qədər onlara dəstək olmağın vacib olduğunu düşünürəm. Səbəblərindən biri mühit ola bilər. Məsələn, yeniyetmələr arasında xüsusi uğuru olanların bir çoxu eyni məktəb və ya liseydə təhsil alır. Amma təhsil səviyyəsi qənaətbəxş olmayan məktəblərdən belə uşaqlar nisbətən daha az hallarda çıxır. Digər səbəb də təbliğatla bağlıdır. “Xəmsə”nin bir mövsümünün YouTube-dakı toplam baxış sayı heç 10000-ə çatmır. Bu problemlərin həlli yollarından biri kimi, məktəblərdə belə səpkidə yarışların təşkilinə daha çox diqqət ayırmaq olar.
10) Oyunlara necə yanaşırsız və sizcə necə yanaşmaq məqsədəuyğundur?
Salam, mən Tərlan. Sizə oyunlara həddindən çox bağlanmağın həyatımda nə cür çətinliklərə səbəb olduğundan danışacam. İki-üç il əvvəl dərsləri filan atmışdım kənara, çox yaxşı qiymətlərim vardı, hər şeyi zibil elədim ÇQK-ya görə və nəticədə bir fəndən kəsildim. Sonra ağlım başıma gəldi. Kəsri bağladım və ÇQK-ya problemlər yaradacaq qədər önəm verməməyin vacibliyini anladım. Siz də belə etməyin. 
11)Gənc intellektuallara məsləhətləriniz.
Öncəki sualdakı məsləhəti heç vaxt unutmasınlar. Dostluq, yoldaşlıq kimi müqəddəs dəyərləri hansısa turnirə, oyuna, cavaba, medala, düyməyə görə bir andaca kəsib atmasınlar. Bu işin əsas tərəfi. Durub deməyim ki, paket oxumayın, ancaq kitab oxuyun, çünki özüm də etmişəm elə hərəkət. Kimə necə hazırlaşmaq rahatdırsa, elə hazırlaşsın. Sual yazmaq üçün elə hoqqalardan çıxmışam ki, bu mövzuda məsləhət vermək mənə düşməz. 
12)Layihəmizə münasibətiniz.
Olduqca xoş. Sükanı belə saxlayın, amma sürəti bir az artırın. Təşəkkürlər. Live long and prosper! 

Hiç yorum yok:

Yorum Gönder