Türyan Məmmədov

 Yaykubokunun finalistləri "Diplomat"komandasının kapitanı Türyan
Məmmədov .

1.Özünüz,təhsiliniz,həyat fəaliyyətiniz haqqında məlumat verə bilərsiniz? 
- Bakı şəhərində, 1987-ci ildə, 6 nömrəli doğum evində dünyaya göz açmışam. Təəssüf ki, adı çəkilən hadisə Azərbaycan Respublikasında baş verib... Uşaqlıqdan musiqiyə böyük həvəsim olub. Məktəbin 11-ci sinfinə qədər musiqi yolu ilə Dövlət Konservatoriyasına daxil olacağımı düşünürdüm, ikinci ixtisas kimi fizika/ riyaziyyat sahələrini düşünürdüm. Lakin sonunda tarixin və coğrafiyanın küləkləri məni humanitar elmlərə yiyələnməyə məcbur etdi. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ixtisasını bitirmişəm və bunu hələ də həyatımın ən böyük seçim səhvi hesab edirəm və edəcəm də... İkinci və üçüncü təhsilimi Müstəqil Kataloniya Dövlətinin Barselona Universiteti və Barselona Muxtar Universitetlərində almışam, hal-hazırda isə, İqtisad Universitetinin BİM fakultəsində daha bir təhsil alıram(Dəqiq bilmirəm bu təhsilimin motivlərini... Amma çox güman ki, "NarXoz"un yığmasında NHN oynamaq üçün daxil olmuşam)  Xarici İşlər Nazirliyində işləmək əvəzinə biznes və maliyyə yönümlü, daha dəqiq desək, "maaş daha çox olan" sahələrdə işləməyə üstünlük vermişəm. Hər zaman işlədiyim yerin mənə təsirini yox, mənim işlədiyim yerə təsirimin gücünü artırmağa çalışmışam. Qoç bürcü altında doğulduğumdan buynuzlarım bəzən çox iti, yunum isə, yüngül ola bilir. Deistəm, nənəmlə yaşayıram, çox xöşbəxtəm və ölümdən başqa zirvəyə doğru yolumun qarşısında heç kim və heç nə dura bilməz. Metroda getməyi sevmirəm, dünyanın ən gözəl qadınlarının İsveçdə yaşadığını düşünürəm, itlərdən çox qorxuram və hal-hazırda istifadə etdiyim telefonumu 3 dəfə suya salmışam. Elmdə səliqəli olsam da, otağımın səliqəsinə bir o qədər vaxt ayırmaya bilirəm.  
2.Hobbilərinizə nələr aiddir?
- Hobbilərim çoxdur.. Dadaist kimi bir şeyəm.. Barselonada yaşadığım zamanlarda kart, formula-3 tipli idman maşınları sürməklə məşğul olmuşam. Ən sevdiyim hobbim - turizmdir.. Ekzotik ölkələri gəzməyi xoşlayıram.. Maddi durumdan asılı olaraq, ildə bir neçə dəfə çalışıram gəzim-dolanım dünyanı.. Oxumaq, mütaliə ilə məşğul olmaq desəm, banallıq etmiş olaram, çünki bizim NHN biznesində kitabsız, Vikipediyasız, dəftərsiz və Murad Muradovsuz alınmır...  
3. İntellektual aləmə necə gəlmisiniz? 
- İntellektual aləmə "Diplomat" komandasını Əli Novruzov gətirib. 2004-cü ildə Seymur Teymurovla "Xəzər" İntellektual Klubunun prezident seçkilərində mübarizəyə qoşulan Əliyə elektorat lazım olduğundan bir çoxlarını kluba cəlb edirdi.  Onlardan biri də biz idik.  Komandanın yığılmasında isə, sırf olaraq kimin daha yüksək bal yığdığını əsas götürmüşük... "Diplomat" adını da Əli bizə təklif edib.. Və beləliklə uzun, bəzən çox iyrənc, bəzən çox şirin bir yola başlamışıq.  4.Sizcə əsl kapitan necə olmalıdır? 
- Əsl kapitanın 6 qulağı, işləyən beyni, güclü fakt bazası, "iybilməsi" və ən əsas da yaxşı dostları olmalıdır... Komanda dediyiniz 5 friki gətirib stol arxasına otuzdurmaq deyil.. Komanda dediyiniz həmin o friklərlə 5 saat sonrakı qələbəni restoranda qeyd edərkən ondan zövq almaqdır.. Bir çox güclü oyunçulardan ibarət komandalar vardır ki, nəticələrinə baxanda pinqvinlərin də gülməyi gəlir.. Bunun da səbəbi, komanda daxilində əhval-ruhiyyənin aşağı olmasıdır. 
5.Yarışlarda uğur qazanmağın 3 yolu nədir?
- Yarışlarda uğur qazanmağın 3 üsulu vardır: 
a) Klassik üsul - Komanda yığıb, oyuna gəlib, illər sərf edib, zirvəyə qalxmaq.
b) Qeyri-Ənənəvi üsul - Başqa komandaları dağıdıb, onların oyunçularını oğurlayıb, çayxanada hesablarını verib, ona-buna "vazelinlik" edib uğur qazanmaq. 
c) Ənənəvi üsul - Artıq ənənə şəklinə gələn bir üsul vardır. Sualları oyundan qabaq tapıb gəlib hamıya "otrıv" vermək. 
6.Komandanız haqqında məlumat verə bilərsiniz? 
-Komandamın adı "Diplomatdır".. Həyatımda ən böyük uğurlarımdan biri hesab etdiyim bir ünsürdür.. Ölkə çempionluğundan tutmuş, kiçik turnirlərədək müxtəlif sahələrdə uğurlarımız vardır. 2004-cü ildən bugünümüzə qədər iştirak etdiyimiz bütün turnirlərdə ilk 3-lükdə olmuşuq. Ən pis nəticəmiz "Trend Kuboku" və "Ağıl Oyunları-2" turnirlərində qeydə alınıb. Hər ikisinə 4-cü olmuşuq. Ən yaxşı nəticələrimiz isə, NHN qazanında bişənlərə onsuz da məlumdur.  "Diplomat"ın ilkin heyətində: İlkin Qəmbər, Fədai Məmmədov, Samir Quliyev, Elmidar Süleymanov, Orxan Əliyev, Rusif Hüseynov və mən olmuşuq. Komandamızın tərkibində müxtəlif illərdə: Kamal İsmayılov, Oktay Məhərrəmov, Əlvan Abdulla, Günel Cənnətova, Aqşin Atalızadə, Zaur Osmanov, Fərrux Hüseynov, Orxan Cəlilov və adlarını ola bilsin ki yada sala bilmədiyim digər dostlarımız da çıxış ediblər. Hal-hazırki heyətimizi: Toğrul Qurbanov, Əşrəf Paşabəyli, İlkin Xəlilov, Cavid Bədəlbəyli, Murad Muradov, Rusif Hüseynov bəzəyir. Hamısı özlüyündə unikal insanlardır və gözəl dostlardır... Həqiqətən onları tanımağımla fəxr edirəm. Hər birini.. Tək-tək.. 
7.Həyatda müəyyən bir şüarınız varmı? 
- Şüarım yoxdur. Şüara ehtiyacım yoxdur. Arzu və xəyallarım elə mənim şüarımdır. 
8. Gənc intellektualllara nə məsləhət görərdiniz? 
- Gənclərə məsləhətim düzgün adam olmaları, mümkün qədər dövlət işindən uzaq olmaları, yerli universitetlər deyil, xarici təhsil müəssisələrində təhsilə üstünlük vermələri, dostlarına və sevdiklərinə sadiq olmağı bacarmalarıdır. Hər yeni nailiyyətdən daha böyük bir nailiyyət, hər dərin məğlubiyyətdən daha dərin bir məğlubiyyət vardır.. Gecə nə qədər uzun olsa da, Günəş hələ bir 6-7 milyard il doğacaq. Risk edin. Valideynlərinizdən başqa, heç kəsə qulaq asmayın. Müəllimlərinizə belə! Hamının etdiyini edən insan - boz kütlədir.. Həmin kütlədən olmayın...  
9. Sonda layihəmizə münasibətiniz? 
- Layihənizi çox gözəl bir fikir hesab edirəm.. Bir dəfə belə bir müsahibə "İqtisadçı"nın internet forumunda olmuşdu və o layihəni də çox bəyənirdik.. Layihənizə uzun ömür, çoxlu "like" arzu edirəm. Sağolun ki, fərqlənməyi bacarırsınız. 

Hiç yorum yok:

Yorum Gönder