
1)Özünüz, təhsiliniz və həyat fəaliyyətiniz haqqında məlumat verin.
-1987-ci ildə anadan olmuşam. Bakı Dövlət Universitetinin məzunuyam. Bundan başqa, Almaniya və ABŞ-da təhsil almışam. Son zamanlaradək Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyində Layihələr üzrə koordinator vəzifəsində çalışırdım. Bu yaxınlarda Bakıdakı ali məktəblərin birində müəllim kimi fəaliyyətə başlayıram.
2)Hobbilərinizə nələr aiddir?
-Hobbilərimə müxtəlif kolleksiyalar aiddir: əsasən xarici ölkələrdən toplanan, həmin ölkələrin atributlarını özlərində əks etdirən pul vahidləri (əskinas və sikkələr), açarlıqlar, fincanlar, köynəklər, kitablar və sair suvenirlər. Yeri gəlmişkən, əcnəbi ölkələrə, xüsusilə ekzotik məkanlara səfər edən tanışlardan öz kolleksiyam üçün yeni eksponatlar istərdim.
3)İntellektual aləmə necə gəlmisiniz?
-Azərbaycandilli mövcud intellektual camiəyə rəsmi gəlişim 2004-cü ildə baş verib. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində oxuyarkən mən və qrup yoldaşlarıma bizdən bir kurs yuxarı tələbə Əli Novruzov “Xəzər” İntellektual Klubu üçün komanda yığmaq təklifi irəli sürdü. Səhv etmirəmsə, noyabr ayında ilk dəfə olaraq klubda ikinci liqada çıxış etməyə başladıq.
Amma digər yoldaşlarımdan fərqli olaraq, artıq intellektual yarışlarda müəyyən təcrübəm var idi. Belə ki 2000-ci illərin əvvəllərində məktəbimizi təmsil edən komandanın kapitanı kimi Qaradağ rayonu üzrə breyn-rinq yarışlarında iştirak etmişdim.
4)Sənətə gəlməkdə kimə borclusunuz?
-Yuxarıda qeyd etdiyim, hadisələrə görə, rəsmi olaraq sənətə gəlişimə görə dolayısı ilə Əli Novruzova, birbaşa isə Türyan Məmmədova, İlkin Qəmbərə və Orxan Əliyevə minnətdaram.
5)NHN həyatınızı necə dəyişdi?
-NHN-in həyatımı tam dəyişdirdiyini deyə bilmərəm. Əvvəldən də kitablara münasibətim çox yaxşıdır. Amma məsələlərə başqa cür yanaşmaq, yeni insanlarla tanış olmaq baxımından NHN çox yaxşı vasitədir.
6)Uğura aparan yolunuz necə olub?
Uğurlarımda fərdi bacarıqlarla yanaşı, rəqabət atmosferi, güclü komandamın və yaxşı dostlarımın mövcudluğu çox böyük rolu olub.
7)İntellektual aləmdə hansı uğurunuzu ən böyük hesab edirsiniz?
-Komanda üzvü kimi ən böyük uğurum “Diplomat”ın heyətində bizim üçün ikiqat əhəmiyyətli Azərbaycan çempionluğunun (2014) qazanılmasıdır. Ən böyük fərdi uğurlarıma “Xəzər” İntellektual Klubu və “Trend” İnformasiya Agentliyi 2006-cı ilin oyunçusu elan edilməyim (müvafiq diplom Gənclər və İdman nazirinin müavini tərəfindən təqdim olunmuşdu)
8)Soyuqqanlı olmağınız sizə oyun vaxtı köməklik edir?
-Məncə, bunu komanda yoldaşlarım və ya rəqiblərim kənardan daha yaxşı dəyərləndirə bilər.
9)Səyahətlərinizin oyunlarda nə kimi faydası var?
-Səyahətlərim ümumiyyətlə dünyagörüşümün artması və “çoxlu şey görmək və öyrənmək” tələbatımın ödənilməsi baxımından çox faydalıdır. Təbii ki səyahətlər zamanı öyrəndiyim maraqlı faktları NHN-də suallar və digər vasitələrlə paylaşmaq və ya müəyyən yarışlarda haqqında danışılan xarici ölkə və ya abidəni öz gözünlə gördüyünü xatırlamaq çox maraqlıdır.
10)Başqa komandalardan sizə nə vaxtsa təklif gəlib? Ümumiyyətlə komandanızı tərk etmək barədə düşünmüsünüz?
-İntellektual icmada ilk addımlarımı atarkən “Diplomat”la fərdi oyunlarda müəyyən qədər uğurlu çıxışlarım nəticəsində həm yaşca, həm də başca böyük oyunçulardan təkliflər almışam. İlk vaxtlarda müəyyən eyforiya olsa da, kiminsə kölgəsində qalmamaq üçün ən güclülərin yanında oynamamaq qərarına gəlmiş, yalnız sonralar, müəyyən təcrübə topladıqdan sonra fərqli komandalarda çıxış etmişəm.
Hal-hazırda Azərbaycanın iki ən güclü komandasından birinin üzvü olduğum üçün dayımın kiçik qızının təbirincə desək, “halimdən məmnunam”. Amma qarışıq heyətli yarışlarda, yeni tanışlıqlar yaratmaq üçün başqa kollektivlərlə oynamaq maraqlıdır.
11)Sual müəllifi olmaq çətindir yoxsa oyunçu?
-Yaxşı sual müəllifi olmaq zəif oyunçu olmaqdan daha çətindir.
12)Bir daha dünyaya gəlsəydiniz, yenə də bu oyunlara baş qoşarmısınız?
-Bir daha dünyaya Azərbaycanda gəlsəydim, güman ki bəli.
13)Gənc intellektuallara məsləhətləriniz.
-Kitab oxuyun
14)Layihəmizə münasibətiniz.
-İntellektual aləmdə insanların bir-birini tanıması üçün yaxşı təşəbbüsdür.
Rusifə müsahibəyə görə təşəkkür edir və ona gələcək həyatında uğurlar arzu edirik.
Hiç yorum yok:
Yorum Gönder