Adım Oktaydır BDU-nun Hüquq fakültəsində bakalavr və magistr təhsili almışam, hal-hazırda hüquqşünas işləyirəm. İşimdən həzz alıram və bunun insanın tarazlığı və xoşbəxtliyi üçün çox vacib olduğu fikrindəyəm.
2)Hobbilərinizə nələr aiddir?
İntellektual oyunlara hobbi də deyə bilmirəm. Bu bir qədər daha artıqdır mənim üçün. Son zamanlar tarazlığa nail olmağa çalışıram. O qədər intellektual yarış və turnir var ki, bunu hobbi də adlandırmaq olmur. Futbol oynamağı sevirəm, amma təəssüf ki, son zamanlar bu əyləncəyə da vaxt ayırmaq alınmır.
3)İntellektual aləmə necə gəlmisiniz?
Uzaq 2001-ci il idi deyəsən. Universitetdə o dövrün fəal tələbələrindən olan Rauf Niftiyev fakültələr arası NHN yarışı təşkil etmişdi. Mənim qrup yoldaşlarım yarışın ilk turunda iştirak etmişdilər. Mən yalnız sonradan qoşuldum yarışa və başladı…
4)Azərbaycan dilli oyunların əsasını qoyanlardansınız.Bu necə baş verdi?
Mən özümə əsasını qoyanlardan biri deyə bilmərəm. İlk günlərdən hərəkatda olan ifadəsi daha doğru olar. Yuxarıda haqqında bəhs etdiyim yarışın gedişi zamanı təşkilatçılığa o zaman hələ tanımadığım Rüfət və Seymur da qoşulmuşdu. Orda tanış olduq. Yarış bitən kimi Rüfət, Seymur, Aqşin, Fuad, Tural (Tural Eyvazov) və adlarını bilmədiyiniz və tanımadığınız yoldaşlar “Atəşgah” Klubunda oyun təcrübəsinə malik olan şəxslər kimi, “Atəşgah” modeli əsasında ana dilində hər həftə oyunların keçirilməsini təklif etdilər. İlk oyun Hüquq fakultəsinin auditoriyalarının birində baş tutdu. Beləliklə “Xəzər” yarandı. İlk prezident Rüfət oldu. Hələ uzun müddət BDU xəzərlilər və “Xəzər” üçün alma mater oldu. İlk universitet birincilikləri ana dilində ilk miqyaslı yarışlar idi. Daha sonra digər universitetlərin tələbələri də kluba gəldi, hərəkat genişlənməyə başladı.
5)İntellektual oyunlar universitet bufetlərindən böyük otel zallarına qədər böyük yolu necə keçdi?
Bu sualınızı çox bəyəndim. Səhifənin adminlərini düzü bilmirəm intellektual hərəkatın hansı nəslinə aid etmək olar. Hər halda son 2-3 ilin nəslinin nümayəndələrinin oyunların “bufetdən” “dəbdəbəli otel zallarına” qədər getdiyi yol barədə sualı məni təəccübləndirdi. Yaxşı hazırlaşmısız . İlk ana dilində turnirlər BDU-nun hələ təmirsiz bufetində keçirilirdi. Mikrofon və avadanlığı da akt zalından xahiş-minnətlə alırdıq. Biz həmişə çalışırdıq ki, turnirlərimizdə minimal şərait təmin edilsin. O zamanlar turnirlərimiz universitetin yardımı və iştirak haqqı hesabına keçirilirdi. Prizlər minimal, suallar havayı, apellyasiyalar saysız-hesabsız, mübarizə gərgin, hamı xoşbəxt idi. Azərbaycanda turnirlərin minimal standartları barədə təsəvvür Bakıda keçirilməyə başlayan NHN üzrə Dünya Çempionatları zamanı yarandı. Bu turnirlərdən sonra biz özümüzə hədəf qoyduq və dostların səyi və əzmi nəticəsində geniş, işıqlı və komfort şəraitdə ilk turnirlərimiz keçirilməyə başladı. Burada Seymurun adını çəkməliyəm. Məhz Seymurun təşkilatçılıqda əməyi nəticəsində ilk belə turnirlər baş tutdu. Daha sonra isə ölkədə icra edilən gənclər siyasəti çərçivəsində turnirlərin keçirilməsi müqayisəyəgəlməz dərəcədə asanlaşdı. Beləliklə biz universitetin bufetini zibilləməkdən 5 ulduzlu otelləri zibilləməyə doğru keçid etdik Cavabın bu hissəsinin son cümləsi Faiq Hüseynov tərəfindən maliyyələşdirilib İntellekt Evini zibilləməyin!
6)İntellektual oyunlarda ən yadda qalan uğurunuz hansıdır?
Mənim üçün intellektual oyunlarda ən böyük uğurum qazandığım dostlardır (oxu: ciddi uğurum yoxdur ). Zarafatı kənara qoysaq mən ən böyük uğurum kimi NHN üzrə ana dilində ilk Azərbaycan Çempionatının keçirilməsini qiymətləndirirəm. Bu turnirin təşkili çox əhəmiyyətli olmaqla ana dilində NHN hərəkatının yeni mərhələsi demək idi. Bundan savayı NHN Məcəlləsinin ana dilinə tərcüməsi işinin təşkili və yekunlaşması o qədər də ictimai maraq və əks-səda doğurmasa da bu sənəd oyunun gələcək inkişafı üçün vacib metodoloji mənbədir.
7)O vaxtlardakı NHN ilə indiki NHN arasında hansı fərqləri görürsünüz?
O zaman çinarlar daha uca, günəş daha isti, zarafatlar daha gülməli, Xəzər daha dalğalı, biz daha cavan idik Ümumilikdə indi hərəkat daha geniş vüsət alıb, tamamilə fərqli və öz tarixçəsi olan hərəkata çevrilib. Yeni-yeni nəsil oyunçular, sual müəllifləri yetişib. Bu hamımızın uğurudur!
8)Bir sualda hansı faktorlar sizin üçün ən böyük əhəmiyyət daşıyır?
Sual kiçik bir ədəbi əsərdir. Özünün süjeti, fabulası, ekspozisiyası, zavyazkası, kulminasiyası, razvyazkası və s ilə birlikdə. Əgər müəllif öz sualına məhz belə yanaşırsa deməli onun sualı çoxlarının xoşuna gələcək. Qeyd edim ki, indi suallarına məhz belə yanaşan ana dillində yazan xeyli sayda sual müəllifi var. Adlarını çəkməyəcəm, onsuzda hamı onları tanıyır
9) “Metlax” sual nədir?
Bu mənim NHN-də “uğur”larımdan biridir Yadımda deyil neçənci il idi. NHN üzrə I Trend Kuboku keçirilirdi. Kuboku o zaman ana dilində oyunlarda komandam olan “Sakit” komandası hazırlamışdı. Turnirdə belə bir sual verilmişdi:
35. Almaniyada yüksək hamarlılığa malik sanitar fayans istehsalının yeni üsulu kəşf edilib. Mikroblar və digər arzuolunmaz cismlər sadəcə onun üzərinə yapışa bilmir və su şırnağı ilə çox rahatlıqla yuyulur. Bu yeni üsul hansı şəhərədə kəşf edilib?
Cavab: Metlax
Şərh: Keramika mərkəzi
Mənbə: 1. http://www.nkj.ru/archive/articles/9395/
2. http://nt.ck.ua/content.php?p=paper&year=2003&vip=15&rub=40
Müəllif: O.Məhərrəmov
Cavab: Metlax
Şərh: Keramika mərkəzi
Mənbə: 1. http://www.nkj.ru/archive/articles/9395/
2. http://nt.ck.ua/content.php?p=paper&year=2003&vip=15&rub=40
Müəllif: O.Məhərrəmov
Bu sualdan sonra ana dilində NHN hərəkatının bəlkə də ilk submədəniyyət anlayışı “Metlax sualı” yarandı. Mənası təqribən belədir: Hamının bildiyi, hamının bələd olduğu fakt haqqında tapılması qeyri-mümkün olan “yanakı” sual. Bu sualdan sonra hamı bu faktı bilir və haradan gəldiyi barədə məlumatlı olur, lakin sualı tapmaq müşkül məsələdir.
10)Milli tematikalı suallar oyunun əsasını təşkil edir yoxsa sadəcə onu rəngarəng edir?
Mən heç zaman sualları milli tematikalı və ya qeyri-milli tematikalı suala bölməmişəm. Sual ya pisdi ya da ki, yaxşıdır. Amma bir şeyi mütləq vurğulamaq lazımdır. NHN və orada istifadə edilən suallar mədəniyyət daşıyıcıları və mədəni təbliğat vasitəsidir. Rus dilli yarışlarda iştirak etməklə, suallara cavab verməklə onların mədəniyyətinin daşıyıcısına çevrilirik, onların mədəni dəyərlərinin təşviqində bir mexanizmə çevrilirik. Ümumilikdə bir çox mədəni dəyərlərə yaxın olmaq özü-özlüyündə müsbət haldır. Lakin ana dilində NHN-da bizim milli dəyərlərimizin, mədəniyyətimizin, tariximizin, reallıqlarımızın təbliğini təmin edən suallarının olması çox vacibdir. Əlbətdəki NHN sualı parametrlərinə uyğun olmaq şərti ilə. Çünki mənim üçün NHN ilk növbədə əyləncəli vaxt keçirmə üsuludur. Yekunlaşdırım, qızıl ortanı tutmaq lazımdır, milli sual xatirinə milli sual yazmazlar. Yadımnan çıxmamış “milli tematikalı sual” hərəkatının vüsət almasında Tural Dadaşovun rolu misilsizdir. Bu sahədə hamı üçün mentor məhz o olmuşdur!
11)Oyunlara necə yanaşırsız və sizcə necə yanaşmaq məqsədəuyğundur?
Oyunlara oyun prosesi zamanı idman kimi yanaşmaq lazımdır. Özünün qaydaları, özünün etik normaları və özünün ehtirası və istəyi ilə. Oyun qurtardı bu oyundan savayı bir məna kəsb etməməlidir. Əks təqdirdə bu yaxşı nəticə vermir. Məşhur ifadəni dəyişsək: “Oyun yaxşı nökər, pis ağadır!”.
12)Gənc intellektuallara məsləhətləriniz.
Yaddan çıxarmayın ki, bu yalnız oyundur!
13)Layihəmizə münasibətiniz.
Maraqlı layihədir. Uğurlar arzu edirəm!
Oktay müəllimə bu müsahibəyə görə təşəkkürümüzü bildiririk və ona gələcək həyatında uğurlar arzulayırıq
Oktay müəllimə bu müsahibəyə görə təşəkkürümüzü bildiririk və ona gələcək həyatında uğurlar arzulayırıq
Hiç yorum yok:
Yorum Gönder